Nağara

zərbli musiqi aləti. Sağanağının hər iki tərəfinə dəri çəkilmişdir. Nağara ağac üfləmə alətlərin (zurna, balaban, tütək), həm də sazın çalğısını müşayiət edir. Nağaranı sol qoltuğun altında tutub çalırlar.

Musiqi alətlərindən hansı birinin çalğısını müşayiət edəcəyindən asılı olaraq nağaranın əl ilə (barmaqlar), yoxsa ağac çubuqlarla çalınacağı müəyyən edilir. Əgər balaban (son zamanlar həm də klarnet), ya da aşıq sazının çalğısı müşayiət ediləcəksə, nağara da ovucun içi və barmaqlarla çalınacaqdır.

Əgər zurna çalğısını (həm də açıq havada) müşayiət etmək lazım gəlirsə, o zaman dərilər üzərinə ağacla zərblər vurulur.

Həcmindən (böyüklüyündən) asılı olaraq nağara müxtəlif növlərə ayrılır: koos (böyük nağara), bala nağara ya da cürə nağara və kiçik nağara.
Copyright © Musigi Dunyasi, 2007