Saz

– Azərbaycan dartımlı simli xalq musiqi aləti. Çanağı iki yerə bölünmüş armudun bir hissəsi biçimində, qolu uzun olur. Qoluna 10-14 pərdə bağlanır. əsas pərdələrdən hərəsinin öz adı var: baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, ayaq pərdə və beçə pərdə.

Saza 8-10 sim qoşulur. Bu simlərin köklənmə prinsipi çox maraqlı və orijinaldır. Köklənmə cəhətincə saz simlərini üç əsas qrupa ayırmaq olar. Bunlardan birinci qrupa aid olunan üç sim eyni ucalıqda (unison) köklənir (birinci oktavanın re notu); ikinci qrupu təşkil edən qoşa sim birinci qrupdan bir kvinta aşağı köklənir (ikinci oktavanın sol notu) və nəhayət, üçüncü qrupa mənsub olan üç sim isə ikinci qrup simlərindən bir kvinta yuxarı köklənir (birinci oktavanın do notu).

Sazın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilənar (albalı) ağacının qabığı olduqca münasib və yararlıdır (bax: Təzənə).

Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan əsas melodik xətt üçün kvarta – kvinta səslərindən ibarət daimi surətdə səslənən harmonik fn yaratmış olur.

Sazın tembri çox məlahətlidirş Sazın ürəklərə yol açan səsini hələ orta əsrlər klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir.


Saz məktəbi
Copyright © Musigi Dunyasi, 2007