Modulyasiya
(lat. moduiatio – ölçmə; ital. modulazione – səs keçidləri; intiqal)

– bir tonallıqdan digərinə keçid.

Modulyasiyanın elementləri: a) başlanğıc (köhnə) tonallıq; b) yeni tonallıq – keçidin verildiyi tonallıq; c) modulyasiya edən akkord – yeni tonallığın birinci akkordu, köhnə tonallıqda rast gəlinməyən və ya həmin tonallıq üçün xarakter olmayan akkord; d) vasitəci akkord (və ya aralıq akkord) – köhnə tonallığın sonuncu akkordu, modulyasiya edən akkorddan əvvəlki akkord.

Modulyasiya üç əlamət üzrə bölünür: a) tonallıqların qohumluğu üzrə – birinci, ikinci və üçüncü dərəcəli qohum tonallıqlara modulyasiyalar; b) keçid üsulları üzrə (vasitəçi akkordun yeni tonallıqda mövqeyi üzrə) – diatonik, enharmonik və melodik modulyasiyalar; c) tonallıqların əhəmiyyətinə görə - tamamlanmış modulyasiya və yönəlmə.

Modulyasiya harmonik hərəkətin zəruri inkişaf üsulu, musiqi formasının əsas qurucu vasitələrindən biri olub, böyük ifadə imkanlarına malikdir.

Modulyasiyanın növləri: qəfil modulyasiya, diatonik modulyasiya, lad modulyasiyası, melodik-xromatik modulyasiya, melodik modulyasiya, bitməmiş modulyasiya, aralıq modulyasiya, tonal modulyasiya, enharmonik modulyasiya.
Copyright © Musigi Dunyasi, 2007