Şur

– Azərbaycan xalq musiqisində əsas muğamlardan biri. Şur muğamının kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşıq mahnılarının çoxu məhz şur kökündə olur. Azərbaycan xalq mahnıları, oyun havaları və başqa instrumental formalar (cəngi, qəhrəmani, koroğlular və s.) da çox vaxt şur muğamı kökündə yaradılır.

Dəstgahlar içərisində də şur ən böyük həcmli, ən sanballı dəstgah sayılır. Belə ki, özlüyündə müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş şur-şahnaz, Əbu-əta, dəşti, bayatı-türk kimi kiçik dəstgahlar da əslində şura mənsub muğamlardır. Başqa dəstgahlara nisbətən şurun zərbli muğamları da çoxdur (səmayi-şəms, ovşarı, osmanlı (maani), arasbarı və s.).

Ən lakonik şəkildə verilmiş olsa, şur dəstgahı tərkibinə aşağıdakı şöbə və guşələr daxildir: mayə, səlmək, Hacı Yuni, şur-şahnaz, busəlik, bayatı-Qacar (bayatı-türk), şikəsteyi-fars, əşiran, səmayi-şəms, zəmin-xara, hicaz, sarənc, nəşib-fəraz.

- İfa edir: Arif Babayev.
Copyright © Musigi Dunyasi, 2007