İngilis nəfiri
(ital. corno inglese)

– bəm hoboy.

Düzgün olan angle (künc, küncə salınmış)– ov hoboyunun formasından yaranan nəfir sözünün yerinə, fransızca anglais (ingilis) sözünün təsadüfən işlədilməsi nəticəsində tarixi adını alıb. Hoboyun quruluşu kimi, lakin böyük ölçüdə, armudşəkilli boru ağızlı və bükük metal borulu, müştüklə əsas korpusu ilə birləşdirilən taxta nəfəs aləti.

Həqiqi səslənməsinin həcmi kiçik oktavanın mi səsindəndən ikinci oktavanın si – bemol səsinə qədərdir.

İ. nəfiri hoboy ilə eyni cür applikaturada bir kvinta aşağı səslənir, yəni, Fa (in F) düzümündə tonu dəyişdirilmiş alətlər sırasına aiddir; notlar skripka açarında həqiqi səslənmədən bir kvinta yuxarı yazılır.

Hoboyun tembri ilə müqayisədə İ. nəfirinin tembri daha qəliz və yumşaqdır. Simfonik orkestrdə adətən bir İ. nəfiri işlədilir. Partiturada onun partiyası hoboyun partiyasından aşağıda yerləşdirilir. Bəzən hoboyun partiyasını ifa edən musiqiçi İ. nəfirinin də partiyasını çalır; belə olduqda alətlərin dəyişilməsi mula in sözləri ilə bildirilir.
Copyright © Musigi Dunyasi, 2007